Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (əvvəlki – Bakı Ortopediya və Bərpa cərrahiyyəsi İnstitutu) 1946-cı ildə yaradılmışdır. İnstitutun yaramasına və təşkilinə professor Ə.A.Talışinski, akademik M.A.Topçubaşov və professor S.M.Hacıqasımovun apardıqları hazırlıq işləri zəmin yaratmışdır.

Həmçinin Azərbaycanda səhiyyənin inkişafında xüsusi rolu olan görkəmli elm xadimi prof.Əziz Əliyevin xidmətləri olub.

                Bakı Elmi-tədqiqat ortopediya və bərpa cərrahiyyəsi institutunun yaradılması haqqında 29 avqust 1945-ci ildə SSRİ Xalq komissarları Şurasının qərarı olmuşdur. Həmin qərar əsasında 11 mart 1946-cı ildə 1621saylı cərrahi hospitalının bazasında Bakı Elmi-tədqiqat ortopediya və bərpa cərrahlığı institutu yaradıldı.

                İnstitutun ilk direktoru A.N.Seyidov təyin edildi. A.N.Seyidovun rəhbərliyi ilə instituta görkəmli alimlər professor Ə.R.Talışinski, Q.R.Qurbanov, İ.D.Danilyak, dosent D.N.Ləmbəranski, R.R.Əlizadə, H.Ə.Seyidova və başqaları dəvət edilmişlər. Həmin instituta sonralar professor Ə.M.Əliyev (1951-X. 1952; 23.03.1954-1959), N.N.Bünyatov (X 1952 – 23.03.1954), H.Ə.Əliyev (təqribən bir ilə qədər), A.A.İsmayılov (1960-1971), K.Q.Məhərrəmov (1971-1985), Ə.Z.Davudov (1992-1993), tibb elmləri doktoru X.D.Dadaşov (1993-1997), tibb elmləri namizədi M.P. Cabbarov (1997-1999), tibb elmləri doktoru Q.S.Canbaxışov (1999-2006) tibb elmləri  doktoru V.Q.Verdiyev (2006-2017) rəhbərlik etmişlər.